Qazaxıstan prezidenti soydaşlarımızı mükafatlandırıb
Qazaxıstanın müstəqillik tarixində ilk dəfə olaraq azərbaycanlı bu ölkənin ən yüksək fəxri mükafatına layiq görülüb
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, texnika elmləri namizədi Əbülfəz Müslümoğlu bu ölkənin ən ali mükafatı sayılan “Kürmet” ordeni ilə təltif olunub.
APA-nın yaydığı məlumatına görə, təltifetmə mərasimində Qazaxıstanın dövlət katibi Kanat Saudabayev bildirib ki, Qazaxıstandakı Azərbaycan diasporunun rəhbəri Əbülfəz Müslümoğlu ölkənin sosial-iqtisadi, mədəni inkişafında roluna, qazax dilinin Azərbaycan diasporu arasında geniş təbliğinə, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü kimi fəal xidmətlərinə görə Nursultan Nazarbayev tərəfindən yüksək mükafata layiq görülüb.
Əbülfəz Müslümoğlunun ata-babaları keçən əsrin 1932-1937-ci illərində Azərbaycandan Qazaxıstana sürgün olunub. 1962-ci ildə Cənubi Qazaxıstan vilayətinin Maxtaral rayonunda dünyaya göz açan Əbülfəz Müslüm oğlu hazırda ölkənin 20 ən güclü və investisiya qabiliyyətinə malik sahibkarlarından hesab olunur. O, 2000-ci ilin əvvəllərindən Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinə başçılıq edir. Qazaxıstanlı soydaşlarımızın mətbu orqanı olan “Vətən” qəzetinin, Qazaxıstan dövlət radiosunda efirə çıxan həftəlik “Azərbaycan proqramı”nın, bazar günü Azərbaycan məktəbinin, “Bahar” rəqs qrupunun bütün maliyyə xərclərini və digər tədbirlərin məsrəflərini Əbülfəz Müslümoğlu ödəyir.
Ə. Müslümoğlu bu yüksək mükafatı bütün Qazaxıstan azərbaycanlılarına verilən qiymət kimi dəyərləndirib. O, Astanada Azərbaycan Evinin inşasının gələn il tamamlanacağını bildirib: “2012-ci ildə hər kəsi bu mərkəzimizin açılışına dəvət edirəm”.
Qeyd edək ki, Astanada inşa olunan 14 mərtəbədən ibarət Azərbaycan Mədəniyyət Mərkəzinin inşası Əbülfəz Müslüm oğlunun şəxsi vəsaiti hesabına həyata keçirilir. Mərkəzin ümumi smeta dəyəri 10 mln. ABŞ dolları dəyərindədir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə daha bir soydaşımız, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin Almatı şəhər filialının sədri Eyvaz Məmmədhəsənov diaspor quruculuğu sahəsində xidmətlərinə görə “Qazaxıstanın müstəqilliyinin 20 illiyi” medalı ilə təltif edilib. Bu barədə Azərtac xəbər agentliyi məlumat yayıb.
E.Məmmədhəsənovun babası bir çox azərbaycanlılar kimi, 1937-ci illərdə Qazaxıstana sürgün edilmiş, onun atası İmamverdi Məmmədhəsənov hələ 22 yaşında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Onu da demək lazımdır ki, 1947-1948-ci illərdə Cambul vilayətinin Şu rayonunun bir kəndindən 11 soydaşımız bu fəxri ada layiq görülmüşdür.







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment